“Dilimiz – milli-mənəvi sərvətimizdir” mövzusunda konfransın materialları nəşr olunub

14 Oktyabr, 2019

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 21 Fevral – Beynəlxalq Ana dili Günü münasibətilə keçirilən “Dilimiz – milli-mənəvi sərvətimizdir” mövzusunda konfransın materialları işıq üzü görüb.

Konfransa təqdim edilən məqalələr mövzunun aktuallığı, elmi əhəmiyyəti, əldə olunmuş yeniliklərə və nəticələrə əsasən Təşkilat Komitəsi tərəfindən seçilərək kitaba daxil edilib. Kitabda 26 məqalə yer alıb.

Topluda “Milli varlığımızın tək amili olan dilimizi qoruyaq”; “Heydər Əliyevin dil siyasətində miqrasiya prosesləri və çoxkonfessiyalı mədəniyyət”; “Heydər Əliyevin ideya-nəzəri irsində dil və mənəviyyat”; “Cahangir Qəhrəmanovun tədqiqatlarına “Nəsiminin dili”; “Məhəmməd Füzulinin dilində leksik arxaizmlər”; “Ana dili və onun keçdiyi inkişaf dövrü”; “Şəki dialektində işlənən rusmənşəli alınma sözlər”; “Azərbaycan Dilçiliyinin Bəkir Çobanzadə mərhələsi” və digər məqalələr dərc olunub.

Kitaba “Ön söz” yazan Aİİ rektoru i.f.d. Ceyhun Məmmədov qeyd edib ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan, onu inkişaf etdirən mühüm və güclü ünsiyyət vasitəsidir. Ana dili insanın mənəvi aləminin və dünyagörüşünün zənginləşməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.

C.Məmmədov bildirib ki, Ulu Öndər Heydər Əliyevin dil siyasətini böyük uzaqgörənliklə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlar Ana dilimizin inkişafına, təbliğinə, tətbiqinə, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə göstərilən diqqətin bariz nümunəsidir.

Aİİ rəhbəri, həmçinin vurğulayıb ki, ali tədris müəssisəsi Azərbaycan Respublikası Prezidentinin bu sahədə müvafiq fərman və sərəncamlarını rəhbər tutaraq, tələbələrdə elmə, təhsilə marağın artırılması, onların intellektual səviyyələrinin yüksəldilməsi məqsədilə ardıcıl maarifləndirici seminarlar, konfranslar, “dəyirmi masalar”, Azərbaycanın klassik və müasir ədəbiyyatının görkəmli ədiblərinin, həmçinin tanınmış xarici ölkə müəlliflərinin dilimizə tərcümə olunmuş əsərlərinin oxunub-təhlil edildiyi “Oxu günləri” keçirir.

Məlumat üçün bildiririk ki, Azərbaycan İlahiyyat İnstitutu elmi kitabların çapına xüsusi önəm verir. Ali təhsil müəssisəsi kitab və dərsliklərin nəşri ilə bağlı bir sıra layihələr həyata keçirir. “İlahiyyat nəşrləri” adı altında layihəyə İnstitut müəllimləri və bu sahədə çalışan mütəxəssislərin kitablarının nəşri daxildir. Bununla yanaşı, İnstitutun qarşısına qoyduğu məqsədlərdən biri də İlahiyyat sahəsində problemləri araşdırmaq, beynəlxalq standartlara cavab verən tədqiqatlar aparmaq və onları nəşr etdirməkdir.

alt menü