BSU-da “İslam prinsiplərinin analitik təhlili”mövzusunda mühazirə

28 Mart, 2019

Martın 28-də Bakı Slavyan Universitetində (BSU) Tədrisin təşkili və tədris resurslar şöbəsi tərəfindən Təhsil Nazirliyindən (TN) göndərilən tövsiyə məktubu əsasında “İslam tarixinin və islam əxlaqının əsas prinsipləri” adlı fakültativ kurslarının ilk mühazirəsi keçirilib. Mühazirənin qonağı Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov olub.
Ə.Niyazov BSU tələbələri qarşısıda “İslam prinsiplərinin analitik təhlili” mövzusunda mühazirə ilə çıxış edib. Mühazirədə natiq islamşünaslığın tarixindən, islamın din kimi dünya xalqları arasında formalaşmasından, bu dində mövcud təriqətlərdən danışıb.
Əhməd Niyazov qeyd edib ki, ölkəmizdə bütün ənənəvi dinlərə, o cümlədən islam dininə, islam mədəniyyətinə dövlət tərəfindən qayğı və diqqət göstərilir. O bildirib ki, VII əsrin əvvəllərində Ərəbistan yarımadasında meydana çıxan islam dini qısa vaxt ərzində dünyanın böyük bir hissəsinə yayılıb. Ölkəmiz uzun əsrlərdən bəri islam sivilizasiyasının əsas mərkəzlərindən biri olmaqla yanaşı, islam dininin yayılmasında da mühüm rol oynayıb. Ə.Niyazov əlavə edib: “Azərbaycan əhalisinin təxminən 96%-i müsəlmanlar, 4%-i xristianlar, yəhudilər, bəhailər, krişnalar və digər dinlərin mənsubları təşkil edirlər. Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması islam dəyərlərinin, həmçinin milli təsviri sənətimizin dünyada təbliğinə böyük töhfələr verib”.
Mühazirənin davamında qonaq tələbələri maraqlandıran sualları cavablandırıb, iştirakçılara dini dəyərlərlə bağlı bir sıra tövsiyələr verib.

alt menü