Azərbaycan İlahiyyat İnstitutunun təşkil etdiyi “Qış məktəbi” başlayıb

04 Fevral, 2020

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Qəbələ rayonunda təşkil etdiyi “Din, mədəniyyət və cəmiyyət-2” mövzusunda “Qış məktəbi”nin birinci günü seminar və ziyarətlərlə davam edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Dövlət, cəmiyyət və din” mövzusunda çıxış edib. O bildirib ki, Azərbaycan xalqının əsrlər boyu mövcud olan tolerantlıq və multikulturalizm ənənəsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Sədr müavininin sözlərinə görə, Prezident İlham Əliyev hər zaman Azərbaycançılıq ideologiyasının inkişafını və milli-mənəvi dəyərlərin qorunmasını diqqət mərkəzində saxlayır.

DQİDK-nın sədr müavini Gündüz İsmayılov daha sonra vurğulayıb ki, ibadətlə yanaşı, İslam dini birliyə və həmrəyliyə böyük önəm verir. Dinimizin əsas məqsədlərindən biri cəmiyyət, dövlət və ailə üçün faydalı olan, bilikli, elmli, savadlı, nümunəvi vətəndaş formalaşdırmaqdır. G.İsmayılov qeyd edib ki, İslam dini meydana çıxdığı gündən elmə böyük dəyər verib, təhsil almağı ibadət səviyyəsinə qədər yüksəldib.

Sədr müavini çıxışı zamanı milli və dini dəyərlərimizin mahiyyətindən bəhs edib, bu dəyərlərin qorunmasının vacibliyinə toxunub. O vurğulayıb ki, yad dini ideologiyaların yayılması cəhdlərinin qarşısının alınması gənclər arasında milli-mənəvi, xüsusilə dini dəyərlərin təbliğinin doğru aparılmasından asılıdır.

Daha sonra tələbələr Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş vətəndaşların xatirəsini əbədiləşdirmək məqsədilə Qəbələ şəhərində əsaslı təmir işləri aparılmış və yenidən qurulmuş Şəhidlər xiyabanını ziyarət ediblər. Şəhidlər xiyabanının ümumi ərazisi 2 500 kv.m sahəni əhatə edir. Kompleksin ərazisində 2 ədəd məzar, daxili qranit vurlumuş divarların üzərində isə 148 nəfər Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş səhidlərin fotoşəkilləri öz əksini tapıb.

Qəbələ Rayon Heydər Əliyev Mərkəzini ziyarət zamanı tələbələrə geniş məlumat verilib. Qeyd olunub ki, burada Ulu Öndərin həyatının müxtəlif anlarını əks etdirən 340-dan artıq eksponat cəmlənmişdir. Bunlar tarixi sənədlər, Ulu Öndərin həyat və fəaliyyəti haqqında kitablar və fotoşəkillərdən ibarətdir. Ümumilikdə, Mərkəzdə 550-dən artıq eksponat mövcuddur. Bildirilib ki, Heydər Əliyev Mərkəzinin rəsmi açılış mərasimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 mart 2007-ci il tarixdə Qəbələ rayonuna səfəri zamanı baş tutub.

Mərkəzdə Bacarıqlı əllər dərnəyi, kompüter kursları, musiqi dərnəyi, rəsm studiyası və elektron kitabxananın fəaliyyət göstərildiyi diqqətə çatdırılıb.

alt menü