Azərbaycan İlahiyyat İnstitutunun nümayəndə heyəti Beynəlxalq İslam Təfəkkürü və Sivilizasiyası İnstitutunu ziyarət edib

01 May, 2019

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Ceyhun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti 29-30 aprel 2019-cu il tarixdə Malayziyaya səfər çərçivəsində İslam Təfəkkürü və Sivilizasiyası İnstitutunu (ISTAC) ziyarət edib.

Aİİ nümayəndə heyətinə ziyarət zamanı ISTAC haqqında ətraflı məlumat verilib. İnstitutda təkcə Malayziya tarixi və mədəniyyətinin deyil, eyni zamanda, İslam tarixi və mədəniyyətinə aid materialların da araşdırıldığı qeyd olunub.

ISTAC-ın nəzdində fəaliyyət göstərən Seyid Məhəmməd Naqib əl-Attas kitabxanasını ziyarət zamanı Aİİ nümayəndə heyəti burada mövcud əlyazmaları ilə tanış olub. Dünyanın bir çox ölkələrindən olan nadir əlyazmalarının toplandığı kitabxana özünəməxsusluğu ilə seçilir. Kitabxanada saxlanılan qədim əlyazmalarının toplanması, qorunub saxlanılması, araşdırılması, tədqiqi və nəşri haqqında məlumat verilib. Qeyd olunub ki, İslam dünyasının milli sərvəti sayılan əlyazmalarının tədqiq edilərək gələcək nəsillərə çatdırılması işi uğurla həyata keçirilir.

Görüş zamanı əlyazmalarının birlikdə tədqiqi, mühüm tarixi sənədlərin arxiv və kitabxanalardan əldə edilərək, elmi araşdırmalara cəlb olunmasının zəruriliyi vurğulanıb.

Səfər çərçivəsində Aİİ-nin nümayəndə heyəti Azərbaycan Respublikasının Malayziyadakı Səfirliyini ziyarət edərək, səfir Qaley Allahverdiyevlə görüşüb.

Qeyd edək ki, Aİİ xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi önəm verir. Ali təhsil müəssisəsinin hədəfi tədrisin müasir tələblər səviyyəsində qurulması məqsədilə dünyanın digər qabaqcıl universitetlərinin təcrübəsindən yararlanmaq, tələbə mübadiləsi aparmaq, həmçinin ali məktəblər arasında əlaqələrin genişləndirilməsidir.

alt menü