Azərbaycan İlahiyyat İnstitutunun müəllimi beynəlxalq konfransda iştirak edib

17 Dekabr, 2019

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, AMEA Fəlsəfə İnstitutunun böyük elmi işçisi f.f.d., dosent Anar Qafarov İslam dünyasının dahi mütəfəkkiri Mövlanə Cəlaləddin Ruminin vəfatının 746-cı ildönümü münasibətilə Konya şəhərində Türkiyə Respublikası Səlcuq Universiteti Mövlanə Tədqiqatlar Mərkəzi ilə Atatürk Mədəniyyət Mərkəzinin birgə keçirdiyi “Həzrət Mövlanə və mədəniyyətlərdə vəfa” mövzusunda beynəlxalq konfransda iştirak edib.

Konfransda Azərbaycanla yanaşı, bir çox xarici ölkələrdən alimlər də iştirak ediblər. Atatürk Mədəniyyət Mərkəzinin direktor müavini dr. Adem Uzunun açılış nitqi ilə başlayan konfrans, daha sonra Mövlanə Araşdırmaları İnstitutunun müdiri prof. dr. Ali Temizel, Səlcuq Universitetinin rektor müavini prof. dr. Ahmet Kaan Karabulut, prof. dr. Kadir Güldiken və Konyanın millət vəkili prof. dr. Hacı Ahmet Özdemirin “Mövlanə və mədəniyyətlərdə vəfa” məzmunlu məruzələri ilə davam edib.

Dosent Anar Qafarov “Əxlaqın mənbəyi müstəvisində Mövlanə yaradıcılığının təhlili” mövzusunda məruzə edib. A. Qafarov məruzəsində Mövlanənin əxlaq düşüncəsini metafizik, epistemoloji, psixoloji və sosioloji aspektlərdən analiz edib, əxlaqın mənbəyi problemini fəlsəfi və dini müstəvidə şərh edib. O, Mövlanə Cəlaləddin Ruminin ağıl-vəhy münasibətlərinə yanaşmasını təhlil edərək, dahi mütəfəkkirə görə əxlaqi propozisiyaların mənbəyi problemini metafizik, epistemoloji və psixoloji müstəvidə müzakirə obyektinə çevirib.

Dosent A. Qafarov məruzəsi əsnasında Mövlanənin “Divani-Kəbir”, “Məsnəvi” və “Fihi ma fih” adlı əsərlərində yer alan bir neçə metaforadan nümunələr gətirib.

alt menü