Azərbaycan İlahiyyat İnstitutu Lənkəranda abituriyentlərlə görüş keçirib

05 Aprel, 2019

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2019-2020-ci tədris ili üzrə İnstituta yüksəkintellektli və savadlı gənclərin cəlb olunması məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirləri həyata keçirir. İnstitutun ilk səfəri Lənkəran rayonuna olub.
İnstitutun kollektivi Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçiləri ilə birlikdə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək, dahi rəhbərin xatirəsini ehtiramla yad edib.
Daha sonra İnstitutun rektoru Ceyhun Məmmədov Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən muzeyi ziyarət edib. Muzeydə görkəmli dövlət xadiminin həyatı və siyasi fəaliyyətinin müxtəlif dövrlərinə aid maraqlı sənədlər və fotolarla tanış olub.
Tədbiri giriş sözü ilə açan Lənkəran Şəhər İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Asif İmanlı qeyd edib ki, ölkə başçısının rəhbərliyi altında ölkəmizdə təhsil sisteminin inkişafı ilə bağlı aparılan islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. O bildirib ki, təhsillə bağlı dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, yeni təhsil müəssisələrinin açılması, onların müasir avadanlıqlarla təchiz edilməsi Azərbaycanın gələcək inkişafı üçün atılan mühüm addımlardandır.
Lənkəran Şəhər Təhsil Şöbəsinin müdir müavini Güloğlan Bağırov çıxışında ölkəmizdə uşaqların hərtərəfli inkişafı, milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi və keyfiyyətli təhsil almaları üçün hər bir şəraitin yaradıldığını bildirib.
Rektor Ceyhun Məmmədov ali təhsil müəssisəsinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə yaradıldığını bildirib. Qeyd edib ki, İnstitut Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması, inkişafı və dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasının təmin olunması məqsədilə yaradılıb. Təhsil müəssisəsinin fəaliyyətindən bəhs edən C.Məmmədov tələbələrə dəstək xidmətləri, məzunlar üçün iş imkanları haqqında ətraflı məlumat verib. İnstitut rəhbəri Aİİ-də qarşılıqlı etimada əsaslanan şəffaf müəllim-tələbə münasibətlərinin hökm sürməsi üçün tələb olunan bütün tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Aİİ-nin İlahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov həyata keçirilən təqdimatla çıxış edərək ali təhsil müəssisəsinə qəbul prosesinin hansı formada təşkil olunduğu, mövcud ixtisaslar, həmçinin ali təhsil müəssisəsinin tədris prosesi haqqında geniş məlumat verib. O qeyd edib ki, İnstituta qəbul olunmuş hər bir abituriyent dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacaq. M.Mürsəlov tələbələrin pulsuz geyim və yeməklə təmin ediləcəklərini, dərslərdən əlavə, ayrıca xarici dil kurslarının təşkili və digər üstünlüklərə sahib olacaqlarını bildirib. İnstituta 2018-2019-cu tədris ili üzrə ilk tələbə qəbulunun Dövlət İmtahan Mərkəzinin xətti ilə ödənişsiz əsaslarla, III ixtisas qrupu üzrə həyata keçirildiyini qeyd edən İlahiyyat fakültəsinin dekanı dövlət sifarişi əsasında qəbul üzrə ayrılmış plan yerlərinin 100% dolduğunu diqqətə çatdırıb.
Aİİ-nin birinci kurs tələbəsi Fərid Qasımzadə tələbələrin daha yaxşı təhsil almaları üçün institutda yaradılan şərait haqda məlumat verib. F.Qasımzadə onların bacarıqlı kadr kimi yetişmələri məqsədilə görülən işlərdən, tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün həyata keçirilən yeniliklərdən danışıb.
Sonra abituriyentlərə, orta məktəb müəllimlərinə, aidiyyəti dövlət qurumlarının nüməyəndələrinə Aİİ-nin tanıtım videoçarxı, ictimai fəaliyyətini əks etdirən materiallar nümayiş etdirilib.
Qeyd edək ki, maarifləndirmə tədbirlərinin Sumqayıt və Gəncə şəhərlərində, Zaqatala, Şəki, Qəbələ, Quba, Bərdə, Ağcabədi, Şirvan, Neftçala və Biləsuvar rayonlarında təşkili olunması nəzərdə tutulub.

alt menü