Azərbaycan İlahiyyat İnstitutu XIII Beynəlxalq Təhsil Sərgisində ilk dəfə iştirak edəcək

15 Avqust, 2019

Azərbaycan İlahiyyat İnstitutu 10-12 oktyabr 2019-cu il tarixdə Bakı Ekspo Mərkəzində keçiriləcək XIII Beynəlxalq Təhsil Sərgisində ilk dəfə iştirak edəcək.

Bakı Ekspo Mərkəzində təşkil olunacaq Beynəlxalq Təhsil Sərgisində ziyarətçilərə Aİİ-də mövcud ixtisaslar, təqaüd proqramları, ödənişsiz təhsil imkanları, İnstitutun beynəlxalq əlaqələri, xarici universitetlərlə bağlanılmış müqavilələr, burada keçirilən tədbirlər, konfranslar, əldə olunan nailiyyətlər haqqında məlumat veriləcək. Eyni zamanda, Aİİ-nin fəaliyyətini əks etdirən Azərbaycan, rus, ingilis və ərəb dillərində kataloq, broşür və bukletlərin, yeni nəşrlərin nümayişi nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Təhsil Sərgisi ölkəmizdə müvafiq sahə üzrə ən mühüm tədbirlərdən biridir, həmçinin peşəkar ünsiyyət və təhsil layihələrinin həyata keçirilməsi üçün səmərəli platformadır.

2018-ci ildə təşkil edilmiş sərgidə dünyanın 12 ölkəsindən 135 şirkət iştirak edib, həmçinin 11 min 808 ziyarətçi ekspozisiya ilə tanış olub.

Xatırladaq ki, Azərbaycan İlahiyyat İnstitutu xarici ölkə universitetləri ilə təhsil və elm sahəsində qarşılıqlı münasibət, uzunmüddətli əməkdaşlıq, tədris prosesindəki təcrübələrlə əyani şəkildə tanış olmaq, bu sahə üzrə mövcud yeniliklərin öyrənilməsi, mədəni əlaqələrin qurulması və möhkəmləndirilməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Bu səbəbdən bir sıra ölkələrə səfərlər təşkil edilib, müxtəlif universitetlər ilə əməkdaşlıq müqavilələri imzalanıb.

alt menü