Aİİ-nin prorektoru Beynəlxalq Forumda iştirak edib

21 Oktyabr, 2019

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov Rusiya Federasiyası Tatarıstan Respublikasının Bolqar İslam Akademiyası və Kazan Federal Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Rusiya müsəlmanlarının ilahiyyat mirası” adlı I Beynəlxalq Forumda iştirak edib.

Forumda Rusiya ilə yanaşı, Azərbaycan, Qazaxstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Yəmən, Malayziya başda olmaqla, dünyanın bir çox ölkəsinin dinşünas və şərqşünas alimləri iştirak ediblər.

Aİİ prorektoru Aqil Şirinov Forum çərçivəsində keçirilən “İlahiyyat mirasında ənənələr və yenilənmə” mövzusunda təşkil olunan konfransda “Musa Carullah Bigiyevin düşüncə sistemində “Təcdid” konsepsiyası” adlı məruzə ilə çıxış edib.

Məruzədə İslam Təcdid ənənəsinin qabaqcıl təmsilçilərindən olan tatar mütəfəkkir Musa Carullah Bibiyevin (1875-1949) dini mətnlərə və ilahiyyat elmlərinə baxışından, eləcə də onun İslam dünyasında mövcud olan problemlərlə əlaqəli təqdim etdiyi həll yollarından bəhs edib. Vurğulayıb ki, Bigiyev İslam düşüncəsinə baxışında özünəməxsus və qabaqcıl düşüncələrə malik olsa da, bəzi ziddiyyətli fikirləri mövcud olmuşdur. Məruzəçi, həmçinin Bigiyevin dini elmlərinin yenidən Quran işığında gözdən keçirilməsinin tərəfdarı olduğunu nəzərə çatdırıb. Mütəfəkkirin fikrincə, başda Fiqh və Kəlam olmaqla, ənənəvi İslam elmlərinin dəyişən həyat şərtləri ilə ayaqlaşa bilməsi üçün müsəlmanlar Quranın və müasir dövrün ictimai tələbləri kontekstində bu elmləri yenidən inşa etməli, mədrəsələrdə dini elmlərlə yanaşı, dünyəvi elmlər də tədris olunmalı, beləcə dini təhsil dövrün tələblərinə uyğunlaşdırılmalıdır.

Aİİ-nin prorektoru Aqil Şirinov səfər çərçivəsində, həmçinin Bolqar İslam Akademiyasının rektoru Daniyar Abdraxmanov və Tatarıstan Müsəlmanları Ruhani İdarəsinin sədri, mufti Kamil Samiqullinlə görüşərək, Azərbaycan İlahiyyat İnstitutu ilə sözügedən müəssisələr arasında elmi əməkdaşlıq əlaqələrinin qurulmasına dair müzakirələr aparıb.

alt menü