Aİİ-də Beynəlxalq Ana Dili Gününə həsr edilmiş  konfrans keçirilib

23 Fevral, 2019

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Dilimiz milli-mənəvi sərvətimizdir” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransı giriş nitqi ilə açan İnstitutun rektoru Ceyhun Məmmədov dilin hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitə olduğunu bildirib. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm vasitədir.
Rektor vurğulayıb ki, 30 sentyabr 2002-ci il tarixdə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi istiqamətində mühüm hadisə olmuşdur. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı dilimizin inkişafına böyük qayğının təzahürüdür.
C.Məmmədov Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” müvafiq Sərəncamının əhəmiyyətini qeyd edib, Ana dilimizin inkişafına, təbliğinə, tətbiqinə, beynəlxalq aləmdə nüfuzunun artmasına xüsusi önəm verildiyini diqqətə çatdırıb.
Aİİ-nin ardıcıl maarifləndirici tədbirlərə əhəmiyyət verdiyini qeyd edən rektor seminarların, konfransların, “dəyirmi masalar”ın tələbələrdə elmə, təhsilə marağın artması və intellektual səviyyələrinin yüksəlməsi məqsədini daşıdığını nəzərə çatdırıb.
Millət vəkili, akademik Nizami Cəfərov çıxışında Ana dilinə sevgini körpə yaşlarından aşılamağın önəminə toxunub. O bildirib ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. N.Cəfərov Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin müstəsna tarixi xidmətlərinin olduğunu vurğulayıb. Bu gün də Azərbaycan Dövləti milli-mənəvi dəyərlərin qorunmasına və dilimizin inkişafına qayğı ilə yanaşır.
AMEA Nəsimi adına Dilçilik İnstitutu Terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqova Ana dilinin insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynadığını bildirib.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, professor Əlizadə Əsgərli bildirib ki, hər bir insan öz Ana dilini yaxşı bilməli və onu qorumalıdır. Bu məqam millətin millət olaraq təsdiqidir. Dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Bu mənada, dilin dövlət dili statusu qazanması, həqiqətən, qürur gətirən tarixi hadisədir. Azərbaycan dili bu tarixi hadisəni yaşayıb.
Bakı Dövlət Universiteti Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Sənubər Abdullayeva Azərbaycan dilinin ölkəmizdə yaşayan digər xalqları birləşdirdiyini, onların öz ana dillərində azad danışmalarına heç bir maneə törətmədiyini söyləyib.
Azərbaycan Dillər Universiteti Azərbaycan dilçiliyi kafedrasının müdiri, Dövlət Dil komissiyasının üzvü, professor Adil Babayev dilimizin inkişafı və təbliği istiqamətində həyata keçirilən tədbirlərdən danışaraq, Ana dilinin saflığını qorumağın, ədəbi dil normalarının gözlənilməsinə nəzarət etməyin, həmçinin dili yad ünsürlərdən təmizləməyin hər bir Azərbaycan vətəndaşının borcu olduğunu nəzərə çatdırıb.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, professor İmamverdi Həmidov qeyd edib ki, millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Ana dilimizin inkişaf mərhələləri ilə bağlı fikirlərini bölüşən alim dilimizin saflığının daim qorunmasının və təbliğinin vacibliyini vurğulayıb.
Konfrans panellərlə davam etdirilib.

alt menü