Aİİ-də valideynlər imtahan prosesini izlədi

25 Yanvar, 2019

Yanvarın 25-i Azərbaycan İlahiyyat İnstitutunda valideynlər və İctimai Şuranın üzvləri imtahan prosesini izləyib.

Aİİ rektoru Ceyhun Məmmədov valideynlərlə görüşüb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan C.Məmmədov bütün sahələrdə olduğu kimi ölkəmizdə təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət ayrıldığını qeyd edib. Aİİ rektoru gənc nəslin sağlam ruhda yetişməsi, yüksək dünya standartları ilə ayaqlaşan təhsillə təmin olunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da bu sahəyə xüsusi qayğı göstərdiyini vurğulayıb.

Sonra rektor imtahan sessiyası ərəfəsində universitetdə aparılan işlər, imtahanlara hazırlıq barədə məlumat verib. C.Məmmədov tələbələrlə görüşlər keçirdiyini, onlara öz tövsiyələrini verdiyini, imtahanlarda biliyin yeganə meyar olmasının izah edildiyini bildirib: “Tələbələrə övladlarımız kimi yanaşırıq. Hər hansı çətinlikləri olduğu zaman çəkinmədən müəllimlərinə və mənim yanıma gələ bilərlər. Bizim hər birimizin qapısı onların üzünə açıqdır.”

O, imtahanlara hazırlıq üçün universitetdə hər cür lazımi şəraitin yaradıldığını qeyd edib. C.Məmmədov imtahanların bir qayda olaraq yazılı, zərurət yarandığı hallarda şifahi və test formasında keçirildiyini də diqqətə çatdırıb.

O qeyd edib ki, universitetdə imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, daxil olan şikayətlərin qısa zamanda araşdırılıb müvafiq qərarların qəbul edilməsi üçün Apeliyasiya komissiyası yaradılıb.

Sonra qonaqlar imtahanların gedişini izləyiblər. Müşahidəçilər imtahanların yüksək səviyyədə təşkil olunduğunu, lazımi şəraitin yaradıldığını bildiriblər.

alt menü