Aİİ-də Moskva İslam İnstitutunun rektoru Demir Muxeddinovun “Rusiyada İslam tarixi” kitabının təqdimatı olub

25 Aprel, 2019

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə Rusiya Federasiyası Müsəlman Ruhani İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru Demir Muxeddinovun “Rusiyada İslam tarixi” kitabının təqdimatı keçirilib.

Tədbiri giriş nitqi ilə açan Aİİ-nin rektoru Ceyhun Məmmədov ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. Bu əlaqələrin
təhsil və elm sahəsində uğurla inkişaf etdiyini vurğulayan rektor Aİİ-nin Rusiyanın bir sıra ali təhsil müəssisələri ilə əlaqələrin yaradıldığını və ikitərəfli əməkdaşlıq protokolları imzalandığını nəzərə çatdırıb. C.Məmmədov Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətinin hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Aİİ-nin məqsəd və hədəflərini nəzərə çatdıran rektor İnstitutun fəaliyyətində beynəlxalq əlaqələrə xüsusi önəm verildiyini vurğulayıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Azərbaycanın qədim və zəngin multikulturalizm ənənələrindən bəhs edib. Respublikamızda multikultural mühitin qorunmasının ölkə rəhbərliyi tərəfindən həmişə diqqət mərkəzində saxlanıldığını vurğulayan R.Həsənov bildirib ki, Azərbaycanın multikulturalizm sahəsində əldə etdiyi mütərəqqi təcrübəyə dünyada maraq artmaqdadır. “Rusiyada islam tarixi” kitabının Azərbaycan İlahiyyat İnstitutunda təqdim edilməsinin əhəmiyyətini vurğulayan R.Həsənov bu təqdimatın ölkəmizdə mövcud multikultural mühitə töhfə olduğunu bildirib.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Fuad Nurullayev çıxışında bildirib ki, İslam dinində tolerantlıq dinin əsas ünsürü kimi qəbul edilir. Azərbaycanda çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, ayrı-ayrı dinlərin nümayəndələri arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri vardır. Prezident İlham Əliyevin dövlət-din münasibətlərinə xüsusi həssaslıqla yanaşdığını qeyd edən F.Nurullayev ölkəmizdə dövlət-din münasibətləri, tolerantlıq sahəsində görülən işlər və həyata keçirilən layihələrin olduğunu vurğulayıb.

Azərbaycanda Rus İcmasının sədri, millət vəkili Mixail Zabelin tədbir təşkilatçılarına təşəkkürünü bildirib. “Rusiyada İslam tarixi” kitabının təqdimat mərasimində iştirak etməkdən məmnunluq hissi keçirdiyini bildirən millət vəkili kitabın müəllifinə belə bir əsəri ərsəyə gətirdiyi üçün minnətdarlığını bildirib.

M.Zabelin çıxışında Azərbaycanda mövcud olan multikultural mühitdən bəhs edib. Respublika Prezidenti cənab İlham Əliyevə ölkəmizdə yaşayan azsaylı xalqların nümayəndələri, dini konfessiyalar təmsilçiləri üçün yaradılan şəraitə görə minnətdarlıq hissini ifadə edib.

AMEA Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə Azərbaycan və Rusiya alimləri arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini nəzərə çatdırıb. O qeyd edib ki, beynəlxalq elmi əlaqələr nəinki elmin inkişafına, habelə müasir dünyada mədəni dialoqun yaranmasına gətirib çıxarır. Bu gün alimlərimizin beynəlxalq əlaqələrinin genişlənməsində müsbət meyillər formalaşıb, ümid edirik ki, bu meyillər dayanıqlı olacaqdır.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, professor İmamverdi Həmidov Azərbaycanda elmin və təhsilin inkişafı sahəsində həyata keçirilən dövlət proqramları və layihələr, dünyanın bir çox elmi mərkəzləri ilə qurulan sıx əlaqələr haqqında məlumat verib. Ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən professor bildirib ki, vəzifəmiz elm sahəsində münasibətləri möhkəmləndirmək və inkişaf etdirməkdir.

Rusiya Federasiyası Ruhani İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru Demir Muxeddinov Aİİ-də olmaqdan və Azərbaycanda belə bir ali təhsil müəssisəsinin fəaliyyətə başlamasından məmnunluq hissi keçirdiyini bildirib. Müəllifi olduğu “Rusiyada İslam tarixi” kitabı haqqında məlumat verib. İslam dininin yayılma tarixi, mövcud durumu barədə bəhs edən Demir Muxeddinov hazırda Rusiyada yaşayan müsəlmanların sayı, yaşadıqları ərazi barədə fikirlərini bölüşüb.

Moskva İslam İnstitutunun rektoru İslamın Rusiya mədəniyyətinin əhəmiyyətli bir parçasına çevrildiyini, həmçinin müsəlman cəmiyyətinin ölkənin çoxmillətli əhalisinin vacib tərkib hissəsi olduğunu nəzərə çatdırıb. Rusiyada mövcud duruma toxunan məruzəçi müasir dünyada terrorizmi və insana qarşı nifrətin istənilən formasını rədd edən İslamın mahiyyətini cəmiyyətə düzgün çatdırmağın çox önəmli olduğunu vurğulayıb. D.Muxeddinov bildirib ki, müsəlmanlar yüksək savada malik, tolerant, mədəni insanlar kimi tanınmalı, öz həyat və fəaliyyətləri ilə İslamın əsl mahiyyətini nümayiş etdirməlidirlər. Qeyd edib ki, Rusiya cəmiyyətində İslamın sülhsevər və tolerant mahiyyətinin təbliği, millətlərarası və dinlərarası sülhün və əmin-amanlığın möhkəmləndirilməsi üçün mümkün olan bütün addımlar atılır.

alt menü