Aİİ-də “İslam əxlaqı və müasir gənclik” mövzusunda seminar keçirilib

24 Aprel, 2019

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Türkiyənin Azərbaycandakı Səfirliyinin din işləri üzrə müşaviri, professor Kamil Günəşin təqdimatında “İslam əxlaqı və müasir gənclik” mövzusunda seminar təşkil olunub.

Aİİ-nin İlahiyyat fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov tədbir iştirakçılarını salamlayıb. M.Mürsəlov bildirib ki, gənc kadrların intellektual səviyyəsinin artırılmasında daha böyük nəticələrin əldə edilməsi üçün tələbələrin dünyagörüşünün zənginləşdirilməsində, elmi axtarışlara sövq edilməsində ardıcıl təşkil olunan “dəyirmi masa”ların, seminarların, treninqlərin və görüşlərin xüsusi rolu var.

Mövzunun aktuallığına toxunan M.Mürsəlov bildirib ki, əxlaqi-mənəvi dəyərlər insanın şəxsiyyətinin səciyyəvi xüsusiyyətlərindən biridir. O qeyd edib ki, dövlətimiz milli-mənəvi və multikultural dəyərlərimizin qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirir.

Türkiyənin Azərbaycandakı Səfirliyinin Din işləri üzrə müşaviri, professor Kamil Günəş “İslam əxlaqı və müasir gənclik” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, İslam sivilizasiyasının birliyi onun müstəqilliyi, azadlığı, tərəqqisi və rifahı üçün yeganə şərtdir. Birlik olmayan yerdə heç bir təşəbbüs, heç bir səy və heç bir mübarizə nəticə verməz.

Kamil Günəş qeyd edib ki, cəmiyyətin aparıcı qüvvəsini təşkil edən gənclər ailədə, təhsil müəssisələrində gördükləri, öyrəndikləri ilə kifayətlənməməli, eyni zamanda, yeni məlumatlara, bilik və bacarıqlara yiyələnməyə maraq göstərməlidirlər. Gənclərin mütəmadi axtarışda olduqlarını bildirən K.Günəş yaş dövründən qaynaqlanan enerji, dinamiklik, çeviklik kimi əlamətlərin müvəffəqiyyətə çatmağa, yorulmamağa zəmin yaratdığını vurğulayıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

alt menü