Aİİ-də ABŞ nümayəndə heyətinin üzvləri ilə görüş keçirilib

03 May, 2019

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ölkəmizdə səfərdə olan ABŞ nümayəndə heyətinin üzvləri ilə görüş keçirilib.

Görüş zamanı Aİİ rektoru Ceyhun Məmmədov qonaqları salamlayaraq bildirib ki, multikulturalizm ənənələrinin qorunması Azərbaycan Dövlətinin ən böyük nailiyyətlərindən biridir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin inkişaf etdirilməsi istiqamətində aparılan işlər, ölkəmizin inkişafında və milli-mənəvi dəyərlərin zənginləşdirilməsində həyata keçirilən tədbirlər bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

C. Məmmədov bildirib ki, Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən, multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanılması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədi ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi Azərbaycanın bu dəyərlərin inkişafına və möhkəmləndirilməsinə verdiyi önəmin göstəricisidir.

Rektor Aİİ haqqında ümumi məlumat verərək, İnstitutun fəaliyyəti, məqsəd və vəzifələri, hədəflərindən bəhs edib. İlk dəfə olaraq İslamşünaslıq və Dinşünaslıq ixstisasları üzrə tələbə qəbulu həyata keçirən Aİİ-də gələcəkdə yəhudilik və xristianlıqla bağlı ixtisasların açılacağını bildirib.

İnstitut rəhbəri qonaqlara məlumat verib ki, qəbul olunan tələbələr müasir sosial elmlərin metodları əsasında İslamla yanaşı, digər dünya dinlərinin inanc, ibadət, əxlaq sistemi, həmçinin dini elmlərlə yanaşı, Fəlsəfə, Sosiologiya, Psixologiya, Multikulturalizm və digər sosial, humanitar elmləri də öyrənmək imkanına malikdirlər.

Aİİ rektoru İnstitutun fəaliyyətində müxtəlif dünya ölkələrinin aparıcı ali təhsil müəssisələrinin təcrübələrindən faydalandıqlarını nəzərə çatdırıb. C.Məmmədov Aİİ-nin fəaliyyətində beynəlxalq əlaqələrə, xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığın yaradılmasına xüsusi önəm verdiyini bildirib. Qeyd edib ki, Azərbaycan İlahiyyat İnstitutu ötən bir il ərzində müxtəlif ölkələrin universitetləri ilə əlaqələr yaradıb, Türkiyənin Ankara, İstanbul, Marmara, “29 Mayıs”, Kırıkkale universitetləri; Rusiyanın Perm Dövlət İncəsənət İnstitutu, Omsk Dövlət Universiteti, Moskva İslam İnstitutu; Malayziyanın Beynəlxalq İslam Universiteti; İndoneziyanın Ahmad Dahlan Universiteti ilə əməkdaşlıq protokolları imzalayıb.

Daha sonra qonaqların suallarını cavablandıran rektor dini tolerantlığın hökm sürdüyü Azərbaycan ərazisində üç səmavi dinin – Yəhudilik, Xristianlıq və İslamın mövcud olduğunu, sülh və qarşılıqlı anlaşma şəraitində yaşadıqlarını nəzərə çatdırıb. Eyni zamanda, fərqli inanclı insanların qarşılıqlı hörmət şəraitində yaşamalarının müvafiq qanunvericiliyin və məqsədyönlü dövlət siyasətinin nəticəsi olduğunu vurğulayıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Amerika filialının rəhbəri Janna Skot səmimi görüşə görə təşəkkürünü bildirib. Qeyd edib ki, Azərbaycan cəmiyyətinə xas olan fərqli mədəniyyət, din, dillərə ehtiram kimi humanist münasibətin dövlət tərəfindən inkişaf etdirilməsi istiqamətində həyata keçirilən çoxşaxəli fəaliyyəti müsbət dəyərləndirir.

alt menü